1820

"Yüksəliş" müsabiqəsinin qalibləri "4SİM Talks" adlı tədbirdə iştirak ediblər

"Yüksəliş" müsabiqəsinin qalibləri "4SİM Talks" adlı tədbirdə iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının dördüncü sənaye inqilabı texnologiyaları ilə bağlı bilik və bacarıqlarının artırılması məqsədilə “4SİM Talks” adlı tədbir keçirilib.

Tədbirdə "Yüksəliş" müsabiqəsinin qalibləri Ülviyyə Mehralıyeva, Bayram Orucov, Fərid İsayev və Tural Abdullazadə iştirak ediblər. 

Qaliblər 4SİM-in icraçı direktoru Fariz Cəfərovun “Süni intellekt nədir və dövlət sektorunda süni intellektin tətbiqi” mövzusunda çıxışını dinləyiblər, müasir informasiya kommunikasiya texnologiyalarından istifadənin praktiki əhəmiyyəti barədə məlumat alıblar.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.