“Yüksəliş” müsabiqəsinin qalibləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
“Yüksəliş” müsabiqəsinin qalibləri növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığı qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident,
Sizi “Yüksəliş” müsabiqəsinin qalibləri adından 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində tarixi qələbə münasibətilə ürəkdən təbrik edirik!
Keçirilən seçkilərin tarixi əhəmiyyəti danılmazdır. İlk dəfə idi ki Vətənimiz öz suverenliyini bərpa etdikdən sonra bütöv Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Bununla da Azərbaycan tarixində yeni dövr başlayır. Suverenliyimiz tam bərpa edildiyi andan başlayaraq dünyada yaşayan bütün azərbaycanlılar qürurla, başıdik və alnıaçıq gəzə bilirlər, çünki onlar ədaləti öz gücü ilə bərpa edən qalib xalqın nümayəndələridirlər.
Yeni reallığın canlı şahidləri olmaq çox qürurvericidir, buna görə Sizə dərin təşəkkür edir və hər an ölkəmiz üçün bilik və bacarıqlarımızı səfərbər etməyə hazır olduğumuzu bildiririk.
Siz xalqa verdiyiniz bütün vədləri yerinə yetirir, çox çətin geosiyasi coğrafiyası olan regionda maraqlarımızı və sabitliyimizi qoruyur, ölkəmiz üçün ən doğru qərarları zamanında verirsiniz. Bunun nəticəsində biz vətəndaşlarda dövlətə qarşı böyük güvən yaranır. Hər bir insan öz Vətənini sevir, lakin biz ölkəmizi sevməklə yanaşı, bu gözəl ölkədə qürurla, gələcəyə inanaraq yaşayırıq. Biz bilirik ki, Azərbaycan dövləti hər bir vətəndaşının arxasındadır və bu güvən hissi qiymətsizdir. Bu münasibətin formalaşmasında Sizin ölkə başçısı və lider olaraq rolunuz əvəzolunmazdır.
Möhtərəm cənab Prezident,
Sizin kimi böyük şəxsiyyətlə eyni tarixi dövrdə yaşamaq bizim üçün şərəfdir!
Biz Sizdən öyrənirik, Sizdən nümunə götürürük.
Bir daha Sizi möhtəşəm qələbə münasibətilə təbrik edir və hər zaman ölkəmizin rifahı naminə öz töhfəmizi verməyə hazır olduğumuzu bildiririk.
Hörmətlə,
“Yüksəliş” müsabiqəsinin qalibləri”.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025