1820

“Yüksəliş” müsabiqəsinin qalibləri Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə iştirak ediblər

Dördüncü Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayev Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə iştirak ediblər. 

Nazir Məcnun Məmmədov aqrar istehsalın artırılması, institusional təkmilləşmə və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərlərinə yerlərdə fermer və vətəndaş yönümlü işi artırmağı, onların üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi, aqrar sahənin inkişafı ilə bağlı təkliflər, layihələr və təşəbbüslər irəli sürməyi tapşırıb. 2025-ci ildə bir çox məhsullar üzrə yüksək məhsuldarlıq əldə olunduğunu xatırladan nazir 2026-cı ildə də bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dördüncü Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevin mentorudur. 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.